Quliyev Allahşükür Əzizağa oğlu
Quliyev Allahşükür Əzizağa oğlu 27 iyun 1990-cı ildə Lənkəran rayonu Qodəsə kəndində anadan olmuşdur. 2007-ci ildə Bakı Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsinə qəbul olunmuşdur. 2011-ci ildə Universiteti müvəffəqiyyətlə bitirərək Riyaziyyat ixtisası üzrə bakalavr ali-peşə diplomunu almışdır. 2011-ci ildə Lənkəran Dövlət Universitetinin “Riyazi analiz” ixtisaslaşması üzrə magistraturasına qəbul olunmuş və hərbi xidmətə yollanmışdır.
A.Ə.Quliyev 2011/2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ordu sıralarında xidmət etmişdir. Hərbi xidmədən qayıtdıqdan sonra magistratura səviyyəsi üzrə təhsilini davam etdirmiş, 2015-ci ildə “Şredinger tənliyinin ümümiləşmiş funksiyalar fəzasında həlli” mövzusunda dissertasiya işini müdafiə edərək “Riyazi analiz” ixtisaslaşması üzrə magistr elmi dərəcəsi almışdır.
A.Ə.Quliyev 2012-2013-cü illərdə Lənkəran Dövlət Universitetində mühəndis-iqtisadçı, kiçik elmi işçi, kadrlar şöbəsinin müdiri vəzifələrində çalışmışdır. O, 2013-2016-cı illərdə “Bank of Baku” ASC-də biznes kreditləri üzrə ekspert vəzifəsində çalışmışdır.
A.Ə.Quliyev 06 iyun 2016-cı il tarixindən yenidən Lənkəran Dövlət Universitetində fəaliyyətə başlamışdır. Belə ki, əvvəlcə “Məzunlarla iş və təcrübələrin təşkili bölməsi”nin müdiri vəzifəsində çalışmış, 01 oktyabr 2016-cı il tarixindən “İnsan resursları və kargüzarlıq şöbəsi”nin müdiri vəzifəsinə keçirilmişdir. 01 yanvar 2019-cu il tarixində Universitetin Elmi Katibi vəzifəsinə təyin olunmuşdur. 07 yanvar 2024-cü il tarixindən Universitetin Baş elmi katibi (Aparat rəhbəri) vəzifəsində çalışır. O, həmçinin Universitetin Elmi şurasının və “Elmi və metodiki şura”nın katibi vəzifələrini də icra edir.
A.Ə.Quliyev 2017-2021-ci illər ərzində Lənkəran Dövlət Universitetinin dissertanturasında təhsil almışdır. Professorlar: Nihan Əliyev və Natiq İbrahimovun rəhbərliyi altında o, “Adi və xüsusi törəməli, kəsr tərtibli diferensial tənliklərin fundamental həllərinin alınması üçün faktorizasiya üsulu” mövzusunda, “1211.01-Diferensial tənliklər” ixtisası üzrə dissertasiya işini tamamlayaraq Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “FD 2.17 – Dissertasiya şurası”nda müdafiə etmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 05.04.2023-cü il tarixli qərarı ilə ona “12.11.01-Diferensial tənliklər” ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi (PhD) verilmişdir. A.Ə.Quliyevin ümumilikdə 17 elmi məqalə və tezisi nəşr olunmuşdur. O cümlədən 3 məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sistemləri bazasına (Scopus, Zentralblatt MATH, РИНЦ) daxil olan dövri elmi nəşrlərdə çap olunmuşdur. Həmçinin xarici ölkələrdə keçirilmiş 3 beynəlxalq konfransda tezisləri çap olunmuşdur. O, eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olur. 2016-cı ildən Lənkəran Dövlət Universitetinin “Riyaziyyat və informatika” kafedrasında pedaqoji iş aparır. Hal-hazırda həmin kafedranın 0.5 ştat dosentidir.
A.Ə.Quliyev 2009-cu ildən Yeni Azərbaycan Partiyasının üzvudur.
Ailəlidir, 2 övladı var.
E-mail: quliyev_allahsukur@mail.ru
Əlaqə telefonları: iş: (+994) 025 25 5 25 88 (daxili-105).
Mobil :(+994) 050 362 82 52